ANS PRESS-in məlumatına görə, Norveç – Azərbaycan qarşılaşması iyunun 12-də, Oslo şəhərindəki "Ullevol" stadionunda keçiriləcək.
1925-ci ildə inşa olunan, 1926-cı ilin sentyabrın 26-da açılışı olan "Ullevol" stadionu 28 min tamaşaçı tutumuna və təbii ot örtüyünə malikdir. Sonuncu dəfə 2 il əvvəl yenilənən bu arena Norveç Futbol Assosiasiyasının balansında olsa da, 1999-cu ildən "Volerenqa" klubu bu stadiondan yararlanmaqdadır.
Eləcə də 1948-ci ildən bu yana Norveç Kubokunun final görüşləri məhz bu stadionda keçirilir. 1987 və 1997-ci illərdə qadınlar üzrə Avropa çempionatının final oyunlarına da şahidlik etmiş "Ullevol" 1927-ci ildən Norveç yığmasının oyun keçirdiyi məkanlardandır.
Bu stadion fərqli görünüşə malikdir. Məsələ burasındadır ki, bu arenanın 3 tərəfi üstü bağlı olsa da, 1 tərəfi açıqdır.
Qeyd edək ki, Norveç - Azərbaycan oyunu yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.



Mənbə
ANS PRESS