Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) struktur dəyişiklikləri olub.
AZƏRTAC xəbər verir ki, ATGTİ-də xaricdə təhsil alan azərbaycanlı tələbələrlə iş departamenti təsis olunub. Həmçinin təşkilatın yeni icraçı direktoru təyin edilib. Yeni icraçı direktor Nigar Süleymanlı ATGTİ-nin insan resursları departamentinin direktoru vəzifəsində çalışıb. Yeni yaradılmış xaricdə təhsil alan azərbaycanlı tələbələrlə iş departamentinin rəhbərliyinə isə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı əsasında Qlazqo Universitetində təhsil alan Toğrul Məmmədli təyin edilib.
ATGTİ-nin tərkibində yeni departamentin yaradılmasında məqsəd xaricdə təhsil alan azərbaycanlı tələbələrin şəbəkələşməsi, Azərbaycanın tarixi, mədəniyyəti və ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq, müxtəlif beynəlxalq forumların və sərgilərin keçirilməsi, “Bakı-2015” birinci Avropa Oyunlarının xaricdə təhsil alan əcnəbi tələbələr arasında təbliğindən ibarətdir.
Xaricdə təhsil alan tələbələrlə iş departamenti iyuna qədər Böyük Britaniyada və Avropanın digər ölkələrində təhsil alan tələbələrin, daha sonra isə Amerika, Avstraliya və Asiya ölkələrində təhsil alan tələbələrlə əlaqələrin qurulmasını qarşıya məqsəd qoyub. Departament, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə əlaqələrin qurulması, xaricdə fəaliyyət göstərən azərbaycanlı gənclər tərəfindən təşkil olunan gənclər təşkilatları ilə iş aparılması istiqamətində fəaliyyət göstərəcək.
ATGTİ-nin xaricdə təhsil alan tələbələrlə iş departamenti ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində Londonda “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı marafon yarışının keçirilməsini planlaşdırıb.