Gəncə, 8 aprel, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti “Mövlanə” mübadilə proqramı çərçivəsində Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini gündən-günə genişləndirir.
AZƏRTAC xəbər verir ki, növbəti əməkdaşlıq müqaviləsi qardaş ölkənin Kahramanmaraş Sütçü İmam Universiteti ilə bağlanıb.
Bu məqsədlə Gəncədə olan türkiyəli qonaqlar Azərbaycan Texnologiya Universitetində işgüzar görüş keçiriblər. Görüşdə çıxış edən Kahramanmaraş Sütçü Universitetinin nümayəndəsi Özləm Nalbəndçi təmsil etdiyi ali təhsil ocağı haqqında, onun potensial imkanları və maddi-texniki bazası barədə ətraflı məlumat verib.
Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov “Mövlanə” mübadilə proqramı çərçivəsində qurulan əməkdaşlıq münasibətlərinin gələcəkdə daha intensiv inkişafı üçün bütün mövcud imkanlardan istifadə ediləcəyinə əminliyini bildirib.
Görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.