"Report"un mübadilə məntəqləri üzrə apardığı monitorinqə əsasən, "Zaminbank", "United Credit Bank", "Atrabank", "Azər-Türk Bank", "NBC Bank", "AG Bank"ın valyutadəyişmə məntəqlərinin əksəriyyətində artıq saat 15:00-dək nağd dollar ehtiyatı tükənib. "28 May" metro stansiyası ətrafında aparılan monitorinq isə fevrlaın ikinci ongünlüyündə müşahidə edilən uzun növbələr olmasa da, əvvəlki günlərdən fərqli olaraq canlanmanı üzə çıxarıb. Dollar qurtarmış bəzi məntəqələr fəaliyyətini bu gün dayandırsalar da, bəzilərinin yaxın saatlarda bərpa olunacağı bildirilib. 
Məsələn, "Turanbank"ın 23 saylı valyutadəyişmə şöbəsində hazırda nağd dollar yoxdur və məntəqə bağlanıb. "Azər-Türk Bank" Bakı filialında da hazırda dollar yoxdur, avronun alışı və satışı isə mümkündür. "Zaminbank"ın 24 saylı məntəqəsində dollar olmadığı halda, 26 saylı məntəqədə dollar satışı həyata keçirilir. Dollar qurtarmış məntəqədən isə işin 1 saata bərpa olunacağı bildirilib. Bu Bankın 9 saylı məntəqəsində cəmi 5 000 min dollar həcmində valyuta qalıb.
"Atrabank"ın valyutadəyişmə məntəqəsində müştəri sayının çoxluğu nəticəsində cəmi 3-4 min dollar qaldığını bildiriblər.
"United Credit Bank"ın 3 saylı məntəqəsindən qeyd ediblər ki, hazırda satışda dollar və avro yoxdur, ticarətin bir saata bərpa olunacağı gözlənilir. Həmin bankın digər, 22 saylı məntəqəsində isə valyuta satışı məhdudiyyətsiz aparılır.
"Kapital Bank"ın mərkəzi ofisindəki kassada hazırda uzun növbə yaranıb. Müştərilərin əksəriyyəti nağd dollar alışı üçün növbəyə durub. Burada dolların alışı 1,0480 AZN/USD, satışı isə 1,0650 AZN/USD məzənnəsi ilə aparılır.
"NBC Bank"ın 1 sayılı məntəqəsində isə bildiriblər ki, nağd dollar ehtiyatı artıq səhər saatlarında qurtarıb, kassada isə yalnız avro qalıb.
"Muğan Bank"ın məntəqələrində də dollar satışı davam etdirilsə də, qeyd olunub ki, dolların alışı ilə bağlı müraciətlərin sayı xeyli artıb: "Səhər məntəqənin açandan iki 2 saat keçən müddət ərzində artıq 10 min dollar satmışdıq".
"AG Bank"ın Yasamal rayonunda yerləşən valyutadəyişmə şöbəsində dollar qıtlığı yaranıb və artıq səhər saatlarında müraciət edən müştərilərin bir çoxu dollar ala bilməyib.
Monitorinq nəticəsində məlub olub ki, bu gün artıq paytaxtdakı bir çox valyutadəyişmə məntəqəsi dolların satış məzənnəsini icazə verilən maksimal həddə (1,0727 AZN/USD) çatdırıb. Bununla yanaşı, dolların əhalidən alış məzənnəsi isə əksinə, minimuma (1,0307 AZN/USD) endirilib. Xatırladaq ki, alış-satış məzənnəsi müəyyənləşdilərkən AMB-nin iaczə verdiyi +/-2% olan marja nəzərə alınmalıdır.
"Report"un analitik qrupu qeyd edir ki, mübadilə məntəqələrində əhalinin əsasən dollar almaq istəyi, bankirlərin isə bəzi hallarda dolları satmaq istməməsi rəsmi məzənnənin bundan sonra da artması ehtimalları ilə bağlıdır: "Dolların daha da bahalaşması gözlənildiyindən, heç kim valyutasını ucuz qiymətə satmaq istəmir. Önəmli olan isə bu vəziyyətin hara qədər davam etməsidir. Bizim proqnoza görə, ilin sonunadək dolların rəsmi məzənnəsi 1,5 AZN/USD-yə çatacaq".