Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA Humanitar Elmlər Bölməsi və Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş “Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyətini xüsusi vurğulayıb, türk xalqı ilə birgə üç minədək azərbaycanlının da iştirakı ilə qazanılan bu qələbəni iki qardaş xalq arasında tarixi bağlılıq və birlik hisslərinin tarixən mövcud olduğunu bildirib. Sovet dövründə tarixi faktların saxtalaşdırıldığı, arxivlərin məxfi saxlanıldığını və qapalı qaldığını, Birinci Dünya müharibəsi illərində baş vermiş tarixi hadisələrin obyektiv araşdırılmadığını, bundan yalnız bədnam qonşularımızın xeyrinə istifadə edildiyini diqqətə şatdıran akademik İ.Həbibbəyli bu gün Azərbaycanda olduğu kimi Türkiyədə də arxivlərin dünya tədqiqatçılarına açıq olduğunu, bütün tarixi həqiqətlərin sənədlərdən öyrənilməsi üçün münbit şəraitin yarandığını bildirib.
Prezident İlham Əliyevin Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə iştirakının iki ölkənin xalqları tərəfindən yüksək dəyərləndirildiyini vurğulayan akademik Bakıda, eləcə də respublikamızın bir sıra bölgələrində 1918-ci il qırğınlarında azərbaycanlılarla çiyin-çiyinə türk qardaşlarımızın da erməni daşnaklarına qarşı birgə vuruşduqlarını bildirib. Akademik İ.Həbibbəyli tarixi Çanaqqala zəfərinin təntənəsini Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin parolu kimi səciyyələndirib.
Sonra Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin tərəfindən çəkilən, Çanaqqala zəfərinin 100 iliyinə həsr edilın “Torpaq, uğrunda ölən varsa Vətəndir!” sənədli filminin təqdimatı olub. Azərbaycanın və Türkiyənin tarixçi alim və mütəxəssislərinin iştirak etdikləri, tarixi kinoxronika materiallarından istifadə olunan sənədli film tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. İ.Həbibbəyli filmi tarixi əhəmiyyətli, uğurlu ekran əsəri kimi dəyərləndirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Yazıçılar Birliyi ilə Türkiyənin ölkəmizdəki səfirliyinin birgə təşkil etdiyi, Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş ən yaxşı bədii əsər müsabiqəsinə start verildiyini bildirib. O, müsabiqənin şərtləri barədə ətraflı məlumat verərək alim və jurnalistləri də bu yarışmada iştiraka dəvət edib.
Sonra Milli Məclisin deputatı, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlının “Çanaqqala zəfəri və müasir dövr” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Çanaqqala zəfərinin elmi-tarixi aspektləri ilə yanaşı, ozamankı dünya siyasəti, mövcud tarixi-coğrafi şərait və s. istiqamətlərdə aparılan araşdırmalar təqdim olunub.
Türkiyənin Azərbaycandakı səfirliyinin məsul nümayəndəsi Meral xanım Barlas, xalq şairi Zəlimxan Yaqub, Uluslararası Türkiyə-Azərbaycan Dərnəklər Federasionunun baş direktoru Seyfəddin Ayaqyay, Milli Məclisin deputatı Elmira Axundova, Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, professor Məmməd Əliyev, Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova və başqaları çıxış edərək Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyətindən danışıblar. Natiqlər AMEA-nın rəhbərliyinə, eləcə də təqdim olunan sənədli filmin yaradıcı kollektivinə minnətdarlıqlarını bildiriblər.
Uluslararası Türkiyə-Azərbaycan Dərnəklər Federasionunun rəhbərliyi tərəfindən bir qrup alim və mütəxəssisə xatirə hədiyyələri təqdim olunub.
Tədbir bədii hissə ilə yekunlaşıb.