Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlərin bilik və bacarıqlarını dərinləşdirmək məqsədilə silsilə kurslar keçirilir. Aprelin 8-də klinikada “Laparoskopik cərrahi bacarıqlar” mövzusunda növbəti kurs başlanıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, kurs ATU-nun və Tədris Cərrahiyyə Klinikasının birgə təşkilatçılığı ilə reallaşıb.
ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramovun sözlərinə görə, kurslara rəhbərlik işinə Cərrahiyyə Klinikasının əməkdaşları ilə yanaşı, Almaniyanın Münster Universitetinin Euregi Klinikasının baş həkimi Nevzat Doğan da qatılıb.
Kursların keçirilməsinin məqsədi gənc cərrahlara, rezidentlərə əsaslı cərrahi bacarıqları öyrətməkdir. Artıq klinikada laparoskopik bacarıqların öyrədilməsi prosesinə başlanılıb. İki gün davam edəcək kursların iştirakçıları elektron simulyatorda dərs keçəcək, canlı əməliyyatlara qatılacaqlar.
N.Bayramov qeyd edib ki, kurslarda ATU-nun 10 rezidenti iştirak edir. Kursun sonunda iştirakçılara Tədris Cərrahiyyə Klinikası tərəfindən sertifikatlar veriləcək. Bu sertifikatlar rezidentlərə əməliyyatlarda iştirak etmək hüququ qazandırır.