Bakı, 8 aprel, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda qar yağıb və hava qışın ortalarına xarakterik dərəcədə soyuyub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, aprelin 6-da havanın 22 dərəcəyə qədər isindiyi Tokio sakinləri üçün hazırkı kəskin temperatur dəyişikliyi gözlənilməz olub. Aprelin 8-də havanın hərarəti 2,8 dərəcəyədək enib. Meteoroloqların məlumatına görə, gün ərzində əhəmiyyətli istiləşmə gözlənilmir.
Naqano prefekturasında qar örtüyünün qalınlığı 6 santimetrə, Totiqi prefekturasında isə 2 santimetrə çatıb. Qeyd edək ki, son dəfə Tokioda aprel qarı 5 il bundan əvvəl yağmışdı.
Sinoptiklərin proqnozuna görə, yaxın iki gün ərzində Yaponiya paytaxtında soyuq hava şəraiti davam edəcək. Cümə günü isə temperatur yalnız 6 dərəcəyədək yüksələcək.