Bakı, 8 aprel, Ülviyyə Məmmədli, AZƏRTAC
Aprelin 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə səfərdə olan Ümumpolşa Həmkarlar İttifaqları Alyansının nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, S.Mehbalıyev görüşdə Azərbaycan- Polşa əlaqələrinin tarixindən danışıb. Bildirib ki, dövlətlərimizin başçıları iki ölkə arasındakı dostluq münasibətlərinə xüsusi önəm verir. Yüksək səviyyəli qarşılılıqlı səfərlər əlaqələrimizin daha da inkişafına yaxşı imkanlar yaradıb. Polşa dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu ədalətli mövqe ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.
Diqqətə çatdırılıb ki, Polşa və Azərbaycan həmkarlar ittifaqları mərkəzləri arasında yaranmış dostluq münasibətlərini də təqdirəlayiq hesab etmək olar.
Məlumat verilib ki, yüz ildən artıq tarixə malik olan Azərbaycan Həmkarlar İttifaqları fəaliyyətə başladığı dövrdən bu günə qədər özünün əsas missiyası - işçilərin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıb. Keçmiş Sovet İttifaqı dövründə həmkarlar ittifaqları hakim partiyanın bir strukturu kimi fəaliyyət göstərsə də, hər halda işçilərin mənafeyi baxımından öz vəzifələrini layiqincə yerinə yetirib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqları sistemində də islahatların aparılması qaçılmaz idi. Məhz bu baxımdan keçən əsrin 90-cı illərində respublikanın həmkarlar ittifaqı liderləri beynəlxalq standartlara cavab verə biləcək yeni həmkarlar ittifaqı mərkəzinin yaradılmasını məqsədəmüvafiq hesab etdilər. Nəticədə 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası təsis olundu. Konfederasiya təsis edilərkən sahə həmkarlar ittifaqlarının öz vəzifələrini layiqincə yerinə yetirmələri üçün onların müstəqilliklərinin artırılması, sahələrin spesifikası nəzərə alınaraq öz işlərini qurmaları, həmkarlar ittifaqlarının maddi - texniki bazasının möhkəmləndirilməsi məqsədilə müvafiq addımların atılması əsas götürülüb.
Bu gün AHİK öz ətrafında 1 milyon 600 min həmkarlar ittifaqı üzvünü və 27 üzv təşkilatı birləşdirir. Bir sıra beynəlxalq həmkarlar ittifaqları təşkilatlarının üzvü olan və onlarla sıx əməkdaşlıq edən AHİK hazırda Avropa İttifaqına üzv əksər dövlətlərin həmkarlar ittifaqlarının milli birlikləri ilə, o cümlədən Ümumpolşa Həmkarlar İttifaqları Alyansı ilə dostluq əlaqələrinə malikdir.
Ümumpolşa Həmkarlar İttifaqları Alyansının prezidenti Yan Quz ölkələrimiz və xalqlarımız, eyni zamanda, həmkarlar ittifaqları mərkəzləri arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini bildirib. O, Ümumpolşa Həmkarlar İttifaqları Alyansının bu əlaqələrin inkişafına hər zaman öz töhfələrini verəcəyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Ümumpolşa Həmkarlar İttifaqları Alyansı Polşanın iki əsas həmkarlar ittifaqından biridir. Təşkilatın 3 milyon üzvü var, onların 500 mini təqaüdçüdür. Alyans Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, eyni zamanda, Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Bu qurum Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komissiyanın işində iştirak edir.