Mingəçevir, 4 aprel, AZƏRTAC
Mingəçevirdə “Prezident kuboku” uğrunda keçirilən avarçəkmə üzrə beynəlxalq reqatanın qalibi olan tanınmış kaneoçi Valentin Demyanenko “Bakı-2015” Avropa Oyunlarına artıq hazır olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, birnəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə qalib adını qazanan 32 yaşlı Valentin Demyanenko yarışda güclü rəqiblərlə mübarizə apardığını bildirib. O, rəqibləri arasında dünya çempionatının bürünc mükafatçısı gürcüstanlı Zaza Nadiradzeni xüsusi qeyd edib.
Dördqat dünya və Avropa çempionu olan Valentin Demyanenko hazırda əsas məqsədinin “Bakı-2015” Avropa Oyunlarında yüksək səviyyədə çıxış etməkdən ibarət olduğunu söyləyib: “Bu yarış mənə Avropa Oyunlarına hazırlıq baxımından əhəmiyyətli idi. Çünki hazırda mənim üçün ən vacib yarış məhz Avropa Oyunlarıdır. Yarışa ciddi hazırlaşıram. Avropa Oyunlarında qələbə üçün mübarizə aparacam. Artıq özümü buna hazır sayıram. Zədə ilə bağlı problemim qalmayıb. Yarışda bütün gücümü ortaya qoyacağam”.
“Bakı-2015” Avropa Oyunlarında kayak və kanoe yarışları Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.