Bakı, 4 aprel, AZƏRTAC
Dünyanın nüfuzlu iqtisadyönümlü universitetlərindən olan London İqtisadiyyat Məktəbinin nümayəndələri Azərbaycan Universitetində olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov və London İqtisadiyyat Məktəbinin təmsilçisi, Oksbric Təhsil Xidmətinin sədri Keyt Şarpiştirak ikili diplom proqramlarının yaradılması və əməkdaşlığın digər mümkün istiqamətləri mövzusunda müzakirə aparıblar. Gələcəkdə iki universitet arasında əməkdaşlığın tədris və təlim xidmətləri sahəsində dünyanın tanınmış təşkilatlarından olan “Pearson” şirkətinin Oksbric Təhsil Xidmətinin (OES) dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulur.
Görüşdə OES-nin nümayəndələri Zülfü Aslanlı, Nailə Rzayeva, Azərbaycan Universiteti Biznes Məktəbinin dekanı Elçin Rəşidov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov iştirak ediblər.
