ANS PRESS xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev görüşün ölkə prezidentinin tapşırığına əsasən əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, onların təklif və qayğılarının dinlənilməsi və həlli məqsədilə mütəmadi təşkil olunduğunu söyləyib.
Rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirlərdə A.Alıyev deyib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir. Vətəndaşların müraciətləri təkcə onların problemlərinin həllinə deyil, eyni zamanda ölkənin inkişafına təkan verən əsas amillərdən biridir. Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının Füzuli rayonunda birmənalı olaraq diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.
O bildirib ki, cəbhə xəttinin bir neçə yuz metrliyində yerləşən Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərinin fasiləsiz işıq, su, qaz və yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan yararlanırlar.
Qazaxlar və Mirzənağılı kəndlərində məktəb fəaliyyət göstərir, 2015-ci ildə uşaq bağçasının tikintisinə başlanacaq, Əhmədalılar kəndində isə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.
Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar Xidməti, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.
Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbul-görüşü yekunlaşdıran rayon rəhbəri ölkə başçısının Füzuliyə və füzulililərə olan diqqət və qayğısından danışıb, rayonda görülməsi planlaşdırılan işlərdən söz açıb.




Mənbə
ANS PRESS