Mingəçevir, 4 aprel, AZƏRTAC
Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə “Prezident Kuboku” uğrunda VIII beynəlxalq reqataya start verilib.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” Avropa Oyunları ərəfəsində sınaq xarakteri daşıyan bu turnirdə Azərbaycan, Türkiyə və Gürcüstandan 100-ə yaxın idmançı iştirak edir. Yarışda Azərbaycanı avarçəkmənin hər 3 növü üzrə 70-dək idmançı təmsil edir. Onlar Bakı və Mingəçevirdəki avarçəkmə klubunun yetirmələri, eləcə də müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvləridir. Bundan əlavə, yarışda Gürcüstanı avarçəkmənin 3 növü üzrə 22, Türkiyəni isə kayak və kanoe üzrə 8 idmançı təmsil edir.
Qeyd edək ki, “Bakı-2015” Avropa Oyunlarının proqramına uyğun olaraq iyun 14-16-da Mingəçevirdə akademik avarçəkmə üzrə yox, yalnız kayak və kanoe növləri üzrə yarışlar olacaq. Bu səbəbdən də “Prezident Kuboku” uğrunda keçirilən bu reqatada əsas diqqət kayak və kanoe növləri üzrə bacarığını nümayiş etdirən Azərbaycan yığmasının aparıcı üzvlərinə yönəlib. Sınaq yarışında kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko və kayak üzrə Olimpiya çempionu İnna Osipenko Radomskayanın, eləcə də tanınmış kanoeçilərdən Sergey Bezuqlıy, Aleksey Kupin və kayakçılar Mirnazim Cavadovla Tamerlan Mustafayevin çıxışları böyük maraq doğurur.
“Prezident Kuboku” uğrunda reqatanın keçirilməsi ilə Azərbaycanda avarçəkmə üzrə yeni mövsümə start verilib. Məhz bu reqatadan sonra qarşıdakı daha nüfuzlu yarışlar üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının heyətləri müəyyənləşəcək.
“Bakı-2015” Avropa Oyunlarının avarçəkmə yarışları ilə əlaqədar yenidənqurma işlərinin aparıldığı “Kür” Olimpiya Tədris İdman Mərkəzində keçirilən reqataya aprelin 5-də yekun vurulacaq. Bu yarış test xarakteri daşıdığı üçün reqatanı “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Avarçəkmə Federasiyasının nümayəndələri də izləyir.