Masallı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Masallı şəhərindəki 3 nömrəli tam orta məktəbdə “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsi, təhsil şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışmada rayonun ümumtəhsil məktəblərinin komandaları iştirak ediblər.
Yarışların əsasnaməsinə uyğun olaraq komandalar sıra hazırlığı mərhələsini keçdikdən sonra bacarıqlarını estafet mərhələsində davam etdiriblər.
Rayon birinciliyində Digah kənd tam orta məktəbinin komandası birinci, Türkoba kənd tam orta məktəbin komandası ikinci, Masallı şəhər 1 nömrəli tam orta məktəbin komandası üçüncü yeri tutub.
Qaliblərə diplomlar və fəxri fərmanlar verilib.
Birinciliyin qalibi olan Digah kənd tam orta məktəbinin komandası aprel ayında Cəlilabad rayonunda keçiriləcək zona yarışlarında Masallı rayonunu təmsil edəcək.