Qəbələ, 3 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilərək abidəsi önünə gül dəstələri düzüblər.
Konfransda dövlət himni səsləndirilib, Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov çıxış edərək bildirib ki, Azərbaycanın inkişafını, tərəqqisini və xalqımızın xoşbəxtliyini Heydər Əliyev siyasi kursunun davamında görən YAP Qəbələ rayon təşkilatının gəncləri öz konfranslarını yüksək sevinc və əmək nailiyyətləri ilə, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, səmərəli və möhtəşəm fəaliyyətini dəstəkləmək əzmi ilə qeyd edirlər.
Konfransda Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abbasov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edib.
Bildirilib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kəşməkəşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas siyasi qüvvəyə çevrilən qurum olub. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xilas olub. Bu gün YAP-ın sıralarında birləşən 650 mindən çox insan Ulu Öndərin ölməz ideyalarının davamçılarıdır.
YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramil Qəribov çıxış edərək ötən konfransdan keçən müddət ərzində görülən işlər barədə məlumat verib. O bildirib ki, hazırda YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin sayı 2300 nəfərdir.
Partiya üzvü olan fəal gənclər çıxış edərək Gənclər Birliyinin bundan sonra da öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyini və partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun ən yaxın köməkçisi olacaqlarını bildiriblər.
Sonra təşkilati məsələlərə baxılıb, partiyanın Qəbələ rayon təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, Birliyin sədri, YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Tədbirin sonunda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunub.
