Bakı, 3 aprel, AZƏRTAC
“Ənsar Allah” hərəkatının tərəfdarları olan husi-şiə üsyançıları Yəmənin cənubundakı Ədən şəhərində bir qədər əvvəl ələ keçirdikləri prezident sarayını tərk ediblər.
AZƏRTAC Sky-News Arabia peyk telekanalına istinadla xəbər verir ki, “ərəb koalisiyası” təyyarələrinin “Əl-Maaşiq” sarayı ətrafındakı Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələrinin dəstəklədiyi husi üsyançılarının mövqelərinə zərbələr endirdikdən sonra sonuncular səhər saatlarında geri çəkilməyə başlayıblar. Üsyançılar prezident sarayını aprelin 2-də yerli əhalidən təşkil olunmuş könüllülərdən ibarət xalq müqavimət komitəsinə qarşı apardıqları ağır döyüşlərdən sonra ələ keçirmişdilər.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amosun məlumatına əsasən, Yəməndə son iki həftə ərzində baş verən toqquşmalar zamanı 500 nəfərdən artıq insan həlak olub, 1700 nəfər isə yaralanıb. O, həmçinin münaqişə tərəflərini beynəlxalq humanitar haqlara hörmətlə yanaşmağa, dinc sakinlərin təhlükəsizliyinə təminat verməyə, eyni zamanda əhaliyə lazimi ehtiyatların, əsasən də elektrik enerjisi, içməli su və tibbi ləvazimatın çatdırılmasına şərait yaratmağa çağırıb.
Qeyd edək ki, martın 26-na keçən gecə Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmən ərazisində şiə üsyançılarının mövqelərinə hava zərbələri endirməyə başlayıb. Yəməndə qanuni prezident Abd Rabbo Mənsur Hadi və onun hökumətinin bərpa olunmasına yönələn “Qətiyyət tufanı” kod adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.
Əməliyyatlar hələlik hava zərbələri ilə məhdudlaşsa da, Yəmən yaxın zamanlarda yerüstü əməliyyatların keçirilməsinə dair xahişinə ərəb ölkələrindən müsbət cavab alıb.