Bakı, 3 aprel, AZƏRTAC
Hazırda ölkədə özəl sektorun ümumi daxili məhsulda payı 81,9 faiz, vergi daxilolmalarında 70,4 faiz, məşğulluqda 73,4 faiz təşkil edir. 2015- cil il yanvarın 1-nə ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 614 mini, o cümlədən hüquqi şəxslərin sayı 94 mini, fiziki şəxslərin sayı 519 mini ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov aprelin 3-də Bakıda keçirilən “Böhran yeni imkanlar yaradır” adlı seminarda məlumat verib. Bildirilib ki, son illər dünya iqtisadiyyatının qlobal böhranla üzləşməsinə baxmayaraq Azərbaycanda aparılan məqsədyönlü siyasət, həyata keçirilən zəruri tədbirlər nəticəsində makroiqtisadi sabitlik təmin olunub, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin və regionların tarazlı inkişafı sürətlənib, daha əlverişli investisiya mühitinin yaradılması istiqamətində tədbirlər davam etdirilir. Ölkəmizin başçısının müəyyən etdiyi iqtisadi siyasətin başlıca prioriteti iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Bu prioritet “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas istiqaməti kimi müəyyən edilərək 2020-ci ilə qədər qeyri-neft sektoru hesabına ümumi daxil məhsul istehsalını 2 dəfə artırmaqdan ibarətdir. Strategiyada qarşıya qoyulmuş hədəflərə çatmaq üçün sahibkarlığın inkişafının yeni institusional strukturları tətbiq edilməkdədir ki, bu da yerli və xarici investorlar üçün yeni imkanlar açır. Belə ki, sənaye siyasətinin vacib hissəsi kimi müasir texnoparklar, sənaye parkları, o cümlədən Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Pirallahıda Yüksək Texnologiyalar Parkı, Neftçala Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması istiqamətində işlər həyata keçirilməkdədir.