Ağsu, 2 aprel, AZƏRTAC
Göyçay Regional Ədliyyə Şöbəsi aprelin 2-də Ağsuda bələdiyyə işçiləri üçün regional seminar-müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, Ağsu Uşaq Gənclər Yaradıcılıq Mərkəzində maarifləndirici məqsədlə keçirilən seminar-müşavirədə Ağsu və Kürdəmir rayonlarının bələdiyyə sədrləri, üzvləri və qulluqçuları iştirak ediblər.
Regional ədliyyə şöbəsinin baş məsləhətçisi Akif Kərimov və böyük məsləhətçı Teymur Mustafayev seminar-müşavirədə “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadəsi”, “Korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması”, “Maliyyə hesabatlarının mühasibat uçotu standartlarına uyğun hazırlanması” və “Arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili” mövzuları üzrə qanunvericiliyin tələblərinə uyğun ətraflı məlumatlar, şərhlər, eləcə də qanunvericiliyə edilən dəyişikliklər barədə danışıblar.
Seminar-müşavirə iştirakçılarının torpaqlardan istifadə edilməsi ilə əlaqədar dəyişikliklər, torpaqların dövlət ehtiyacları üçün alınması qaydaları, torpaq şöbələrinin ləğvindən sonra əməliyyatların aparılması, vergi problemləri barədə sualları ətraflı cavablandırılıb.