Xırdalan, 2 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeronda məktəblilər arasında növbəti “Şahin” hərbi-idman oyunu üzrə rayon biriciliyi keçirilib. Yarışlar rayon Gənclər və İdman İdarəsinin, Təhsil, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev hər il keçirilən “Şahin” hərbi-idman oyununun yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində böyük rol oynadığını nəzərə çatdırıb. O, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin daim dövlətin diqqət mərkəzində olduğunu, bu sahədə işlərin səmərəsinin artırılması istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini bildirib.
Sonra yarışa start verilib. Yarışda rayonun 30 orta ümumtəhsil məktəbindən hər bir komandanın tərkibində 14 nəfər (10 oğlan, 4 qız) olmaqla, X-XI sinif şagirdləri iştirak edib.
Nəticələrə görə, Saray 1 nömrəli tam orta məktəbin komandası I, Qobu 1 nömrəli tam orta məktəbin komandası II, Novxanı bir nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Qalib komandalara Abşeron rayon Gənclər və İdman İdarəsinin diplomları və kubokları təqdim olunub.
Beləliklə, Saray 1 nömrəli tam orta məktəbin komandası Xaçmaz şəhərində keçiriləcək “Şahin” hərbi-idman oyununun zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb.