Ağdam, 2 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Taxıl zəmilərində yaz-tarla işləri geniş vüsət alıb. Yayda bol məhsul götürmək üçün taxıl sahələrinə aqrotexniki qulluq göstərilir.
Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının Ağdam kompleks sort-sınaq məntəqəsinin aqronomu İxtiyar Ağaməmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində taxıl əkinlərinə aqrotexniki qulluq işlərindən bəhs edib. Bildirib ki, yüksək məhsuldarlığa nail olmaq üçün növbəli əkin sisteminin tətbiqi, yüksək reproduksiyalı, yerli şəraitə uyğun toxumlardan istifadə, aqrotexniki qaydalara düzgün əməl edilməsi, suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla və zərərvericilərlə mübarizə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi əsas şərtlərdir.
Əkin sahələrinə mineral gübrələrin verilməsi bitkilərin normal böyüməsinə və inkişafina şərait yaradır, onların xəstəliyə, şaxtalara və quraqlığa davamlığını artırır. Odur ki, səpindən qabaq şum altına hər hektara 250-300 kiloqram superfosfat gübrəsinin verilməsi olduqca vacibdir. Yaz yemləmə gübrəsi isə taxılların boruya çıxma mərhələsindən qabaq verilməlidir. Qabaqcadan verilən yemləmə gübrəsi sünbüldə sünbülcüklərin sayını artırmaqla, onun tam formalaşmasına şərait yaradır.
Payızlıq dənli bitkilərdən yüksək məhsul götürülməsində mühüm şərtlərdən biri də suvarmadır. Vegetasiya dövründə taxıla orta hesabla üç dəfə su verilməlidir.
Alaqla mübarizəni də diqqətdən qaçırmaq olmaz. Belə ki, qulluq göstərilməsə alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı, məhsulun keyfiyyətinə də mənfi təsir göstərir. Odur ki, yazda payızlıq buğdanın kollanma mərhələsində sahələrə herbisit çilənməlidir. Təəssüf ki, bəzi fermerlər alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirmirlər ki, nəticədə məhsuldarlıq və taxılın keyfiyyəti aşağı düşür.
Taxıl istehsalçıları gəmiricilərə qarşı mübarizə tədbirlərinə də ciddi fikir verməlidirlər. Dəstə halında yaşayan gəmiricilər əsasən aran və dağətəyi rayonlarda yayılıblar və qış-yaz dövründə taxıla ziyan vururlar.
Aqronom bildirib ki, bu şərtlərə əməl etməklə hər hektardan 50-60 sentner taxıl götürmək mümkündür. Odur ki, yüksək məhsuldarlığa nail olmaq üçün aqrotexniki qulluq işləri vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir.