Bakı, 2 aprel, AZƏRTAC
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) dəstəyi ilə Ukraynanın Lvov şəhərində yeni idman sarayı istifadəyə verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konqresin Lvov vilayəti üzrə sədri Teymur Məmmədovun rəhbərliyi ilə keçirilən açılış mərasimində deputatlar, yerli hakimiyyət nümayəndələri, “SOCAR Ukrayna” şirkətinin nümayəndəsi, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Açılış mərasimdə çıxış edən Lvov vilayət radasının deputatı Andrey Karbovnik Azərbaycan diasporunun bu fəaliyyətini təqdirəlayiq hadisə kimi dəyərləndirib.
Bildirilib ki, Almaniyadan dəvət olunan milliyyətcə azərbaycanlı məşqçilər Yusif Yusifzadə və İrac Həsənzadə yeni idman sarayında fəaliyyət göstərəcəklər. Sarayda bütün güləş və şərq əlbəyaxa idman növləri üzrə məşqlər keçiriləcək. Ukraynada gedən hərbi əməliyyatlarda ölənlərin övladlarına, o cümlədən kimsəsiz uşaqlara sarayda pulsuz xidmət göstəriləcək.
Ukrayna Millətlər Assambleyasının prezidenti, BUAK-ın sədri Rövşən Tağıyev belə layihələr gələcəkdə də davam etdiriləcəyini bildirib.