Naxçıvan, 1 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) Azərbaycan pedaqoji fikrinin görkəmli tədqiqatçısı, professor İbrahim Mollayevin anadan olmasının 85 illiyinə həsr edilən elmi-praktik konfrans keçirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfransda Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığını ilk dəfə tədqiq edən professor İbrahim Mollayevin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev konfransda çıxış edərək İbrahim Mollayevin hərtərəfli və geniş yaradıcılıq imkanlarına malik tədqiqatçı kimi pedaqogika elminin müxtəlif sahələrinə nüfuz edən alimlərdən olduğunu bildirib. Professorun Azərbaycan və rus mətbuatında çoxlu sayda məqalələrinin, elmi-pedaqoji oçerklərinin işıq üzü gördüyü qeyd olunub.
Universitetin pedaqogika və psixologiya kafedrasının müdiri Vahid Rzayev İbrahim Mollayevin həyatı və yaradıcılıq yolundan, ali məktəbin Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev görkəmli tədqiqatçının tanınmış pedaqoq-müəllim və şəxsiyyət olmasından danışıblar.
“Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev müəllimi olmuş İbrahim Mollayevin Naxçıvan pedaqoji elminin yaranması və inkişafındakı fəaliyyətindən, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli görkəmli tədqiqatçının Naxçıvan pedaqoji mühitindəki rolundan, eləcə də Naxçıvan Dövlət Universitetinə şöhrət və nüfuz gətirən alim, ustad, pedaqoq olmasından bəhs ediblər.
Qeyd olunub ki, İbrahim Mollayev “Şərq qapısı” və digər dövri mətbuat orqanlarında muxtar respublikanın pedaqoji mühitindəki yeniliklərdən bəhs edib, doğma diyarın təhsil tarixi və pedaqoji fikrinə aid araşdırmalar aparıb. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışarkən rus dilindəki verilişlər redaksiyasında redaktor işləyib.
Bildirilib ki, İbrahim Mollayev pedaqoji fikir tariximizdə elmi məktəb yaradıcısı kimi tanınan professor Əhməd Seyidovun rəhbərliyi ilə “M.Tağı Sidqinin pedaqoji fəaliyyəti və pedaqoji görüşləri” mövzusunda dissertasiya üzərində işləyib. 1970-ci ildə elmi-tədqiqat işi tamamlanıb, bununla da pedaqoji fikir tariximizə aid uğurlu işlərdən biri kimi şöhrət qazanıb, müəllifə isə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. İbrahim Mollayev 1985-ci ildə “XII- XVI əsrlərdə Azərbaycanda məktəb və pedaqoji fikir” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, ilk dəfə olaraq Əfzələddin Xəqani, İmadəddin Nəsimi, Marağayi Əhvədi, Şah Qasım Ənvar, Nəsrəddin Tusi, Şah İsmayıl Xətai kimi mütəffəkirlərin ədəbi və fəlsəfi yaradıcılığında təlim-tərbiyə məsələlərini araşdırma obyektinə çevirib, onların yaradıcılığındakı pedaqoji motivlərlə bağlı dərin və bu gün üçün də çox əhəmiyyətli ola biləcək pedaqoji fikir və mülahizələri seçib üzə çıxara bilib.
Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən pedaqoqun qızı Nərminə Mollayeva atasının təkcə gözəl pedaqoq kimi yox, çox səmimi, qayğıkeş və təvazökar insan, gözəl ailə başçısı, mehriban ata kimi də onu tanıyanların qəlbində daim yaşayacağını bildirib.
Sonda professor İbrahim Mollayevin nəvəsi Fəhmidə Mollayeva babasının ən çox sevdiyi “Lalə” şeirini söyləyib.