ANS PRESS-in məlumatına görə,bu barədə "İtar-tass" agentliyi xəbər yayıb.
Birləşmiş Millətlər Təşkilatının humanitar məsələlər üzrə koordinasiya İdarəsinin nümayəndəsi Yens Larke bəyan edib ki, Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın Yəmənin paytaxtı Sənaya endirdiyi aviazərbələr nəticəsində 150 nəfərə yaxın mülki vətəndaş həlak olub.
"Sonuncu verilən məlumatlara görə Sənada 150 nəfərə yaxın mülki vətəndaş həlak olub. Bildiyiniz kimi hərbi əməliyyatlar davam edən zaman məlumat toplamaq çətin olur. Hal-hazırda Yəməndə 700 nəfər müqavilə üzrə BMT ilə əməkdaşlıq edir. Onların əksəriyyəti, bu ölkənin vətəndaşlarıdır. Beynəlxalq müşahidəçilərin sayı azdır onlar biz təxliyə edirik. BMT əməkdaşlarına qarşı hücum olmayıb. Səudiyyənin bombardmanını nəzərə alaraq biz guman edirik ki, qurbanların sayı artacaq", - deyə o, bildirib.
Xatırladaq ki, aviazərbələr başlanandan BMT Yəməndən 200 əməkdaşını təxliyə edib.
Bundan əvvəl məlumat verilmişdi ki, Səudiyyə Ərəbistanın Hərbi- Hava Qüvvələri Yəmənin Məzrak şəhərində husilərin qaçqın düşərgəsinə aviazərbələr endirib. Aviazərbələr nəticəsində azı 45 nəfər ölüb, 65-ə yaxın insan yaralanıb. Düşərgəyə edilən hücumu hökumət qüvvələri də təsdiqləyib. Lakin rəsmilər əməliyyatlar zamanı qaçqınların deyil, üsyançıların hədəfə alındığını bildiriblər. Aviazərbələr zamanı humanitar yardım komissiyasının bir əməkdaşı da ölüb.
Bir müddət əvvəl Səudiyyə Ərəbistanı kralı Salman üsyançılar silahı tərk etmədikcə, aviazərbələrin dayandırılmayacağını bəyan etmişdi. İran hökuməti isə Rəsmi Ər- Riyadi qeyd-şərtsiz olaraq hərbi əməliyyatlara son qoymağa çağırır.
Onu da bildirək ki, Səudiyyənin hərbi müdaxiləsi nəticəsində həlak olan dinc əhalinin sayının rəsmi statistika rəqəmlərindən artıq olması istisna deyil.

MənbəANS PRESS