Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən və soyqırımlarından söz açıb, bu qanlı faciəyə münasibət bildirib.
İnstitut direktorunun elmi işlər üzrə müavini, biologiya üzrə elmlər doktoru Eldar Novruzov 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaq erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar barədə məlumat verib.
E.Novruzov 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olduğunu söyləyib. Bildirilib ki, bununla da XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə indiki və gələcək nəsillərdə milli yaddaş formalaşdırılıb.
Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan film nümayiş etdirilib.