Daşkənd, 31 mart, AZƏRTAC
Özbəkistanın “Uchildiz.uz” portalında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə verilib.
Məqalədə 1918-1919-cu illərdə Azərbaycanın şəhərlərində erməni millətçiləri və daşnaklar tərəfindən dinc sakinlərin kütləvi surətdə amansızlıqla qətlə yetirilməsindən bəhs edilib. Mart hadisələrinin tarixi barədə məlumat verilən yazıda 1918-ci ildə Quba-Xaçmaz zonasında 162 yaşayış məntəqəsinin məhv edildiyi, Quba, Xaçmaz və Dəvəçidə 27 kəndin tamamilə yer üzündən silindiyi diqqətə çatdırılır. S.Şaumyanın başçılığı ilə erməni birləşmələrinin qısa müddətdə 50 min müsəlmanı, o cümlədən yəhudi və digər xalqların nümayəndələrini amansızlıqla qətlə yetirdiyi, bunun sözün əsil mənasında soyqırımı olduğu vurğulanır.
Bildirilir ki, 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub və bu, tarixi yaddaşın bərpa edilməsi istiqamətində böyük bir addım idi.
Yazıda, həmçinin Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin 31 mart soyqırımı ilə əlaqədar BMT-nin baş katibinə, təşkilatın insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına və digər qurumlara bəyanat ünvanlandığı diqqətə çatdırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd