Bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, özü və müavini Elçin Şirinov könüllü olaraq Azərbaycana təslim olmuş erməni hərbçi Andranik Araratoviç Qriqoryanla görüşüblər.
Görüşün məqsədi Aəzrbaycanda saxlanılan hərbçilərin incidilməsi barədə ermənilərin yaydığı məlumatın yalanlığını sübut etməkdir.
“Dəfələrlə olub ki, erməni hərbçiləri Azərbaycanda saxlanılıblar. Buranı tərk etdikdən sonra ölkəmiz əleyhinə məlumatlar yayıblar. Bunun qarşısını almaqdan ötrü onların öz dilindən saxlanılma vəziyyətlərini öyrəndik. Görüşü çəkdik və saxlamışıq”, - deyə Elçin Behbudov bildirib.
Qeyd edək ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş A. Qriqoryan könüllü olaraq Azərbaycan tərəfinə keçib. “A. Qriqoryan Azərbaycandan çox razı olduğunu bildirir. Burada ona münasibətin çox yaxşı olduğunu və onunla insan kimi rəftar etdiklərini deyir. İstədiyi vaxt meyvə şirəsi, kofe və çay verirlər. Novruz ərəfəsində ona şəkərbura və paxlava veriblər. Həftədə 3-4 dəfə hamamla təmin edilir, havada gəzir. Yeri istidir. Otağında televizor var. İmkan verirlər ki, kütləvi informasiya vasitələrində gedən xəbərlərlə tanış olsun”, - deyə Elçin Behbudov bildirib. .
Hüquq müdafiəçisi deyir ki, A. Qriqoryan erməni hərbçilərinin pis vəziyyətdə olduğunu deyir. Hərbçilərin çirk içində olduğunu, pis qidalandıqlarını və həmişə fiziki təzyiqlərə məruz qaldıqlarını bildirir.
“Andranik bildirdi ki, xidmət etdiyi hərbi hissədə çox pis şəraitdə saxlanılıb. Hərbi hissənin bölük komandiri, kapitan Suren Balayan, baş çavuş Artur Salmanyan tərəfindən mütəmadi olaraq döyülürmüş. Orada əsgərlərə vaxtı keçmiş yeməklərin verildiyini, qaldıqları yerin soyuq və şəraitsiz olduğunu söylədi. Bildirdi ki, imkanları olsa, digər erməni hərbçilər də onun kimi Azərbaycan tərəfinə keçərlər”, - deyə Elçin Behbudov vurğulayıb.
Qeyd edək ki, martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
MənbəANS PRESS