“Düzdür, “Bakı”dan ayrılmaq qərarımı vermişəm. Amma klubdan futbolçu və məşqçilər mənə zəng vurub xahiş etdilər ki, mövcud problemlərin həllinə yardımçı olum”.
Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına “Bakı”nın sabiq vitse-prezidenti Yaşar Seyidov deyib.
Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına “Bakı”nın sabiq vitse-prezidenti Yaşar Seyidov deyib.
Paytaxt təmsilçisindən istefa verdikdən sonra ilk dəfə danışan Seyidov klubdakı vəziyyətin düzəlməsi üçün hazırda da işlər gördüyünü bildirib: “Həyatını bu kluba vermiş bir adam kimi, məşqçi və futbolçuların problemlərinin həll olunmasına çalışıram. Futbolçu problemi ilə əlaqədar mənə müraciət edirsə, onu həll etməliyəm. Bu problemlərdən qaçan adam deyiləm. Onların həlli üçün istənilən yerə gedib, istənilən şəxslərdən xahiş etməyi özümə borc bilirəm”.
Seyidov “Bakı”dakı problemlərin həlli ilə bağlı AFFA-dan söz aldığını da qeyd edib: “Gücüm çatmayan məsələlərlə bağlı AFFA rəhbərliyi ilə danışıb, onlardan kömək istəmişəm. Federasiya rəhbərliyi də söz verdi ki, bu problemlərin müsbət həlli üçün çalışacaq. Milli komandamızın seçmə mərhələ oyunu ilə bağlı başları qarışıq idi. Demişdilər ki, yığmanın oyunundan sonra gələrsən. Bu gün çalışacam federasiyaya gedib, bəzi məsələlərlə bağlı onların razılığını alım”.
“Zolaqlılar”ın sabiq rəsmisi bu klubun fəaliyyətini davam etdirməsini istəməyən qüvvələrin olduğunu da deyib. O, həmin şəxslərə səslənməyi də unutmayıb: “Bəzi adamları başa düşə bilmirəm. Onlara “Bakı” klubunun yaşaması lazımdısa, imkan versinlər, bunun üçün əlimizdən gələni edək. Onları doğrudan da buradakı məşqçilərin, futbolçuların problemlərinin həlli maraqlandırırsa, “Bakı” ilə federasiya arasında münaqişə yaratmasınlar. Federasiyanın bu kluba etdiyi yaxşılıqları görüb, sakit dursunlar. Onlardan xahişim budur ki, heç olmasa, hələlik öz missiyalarını dayandırsınlar, imkan versinlər, bu məsələləri yoluna qoyaq. Bu gün münaqişə ilə, dalaşmaqla problem yoluna qoymaq olar? Bir də ki, mənə yaxşılıq edən insanı nəyə görə pisləməliyəm? Federasiya rəhbərliyi “Bakı” üçün bu qədər iş görürsə, onlara yalnız “çox sağ ol” deməliyəm. Amma çox maraqlıdır ki, klubla əlaqəsi olmayan adamlar bunları fərqli şəkildə qələmə verirlər. Axı mən federasiya rəhbərliyinə şəxsi işimlə bağlı xahiş etmirəm. Klubda yaranmış müəyyən problemlərin həll olunması üçün kömək istəyirəm. Bunun nəyi pisdir? Həmin insanlar özləri kömək etmək fikrindədirlərsə, əgər belə fövqəlgücə malikdirlərsə, buyursunlar. Bacarmırlarsa, buna imkanı olanlara mane olmasınlar”.
Seyidov “düşmənlərini” Hüseyn Cavidin şeiri ilə iblisə bənzədib: “İblis nədir? - Cümlə xəyanətlərə bais. Ya hər kəsə düşmən olan insan nədir? – İblis. İndi bu insanlar da hamıya müharibə elan edirlər. Məhəmmədhüseyn Şəhriyar isə deyir ki: “Burada bir şir qəfəsə düşüb bağırır. Etibarlı insanları öz köməyinə çağırır”.
Milli.Az
Milli.Az