Paris, 30 mart, AZƏRTAC.
Fransa Prezidenti Fransua Olland tunisli və qabonlu həmkarları Beji Kaid əs-Sebsi və Əli Bongo Ondimba, İtaliyanın Baş naziri Matteo Renzi, habelə Fələstin Dövlətinin başçısı Mahmud Abbas ilə birlikdə martın 18-də Tunisin Bardo muzeyinə edilən silahlı hücum ilə əlaqədar martın 29-da bu ölkədə terrorizm əleyhinə keçirilən izdihamlı yürüşdə iştirak edib.
Dövlət başçıları yürüş iştirakçıları ilə birlikdə terror aktı qurbanlarının adları qeyd olunan abidənin açılışına qatılıblar.
Mərasimdə çıxış edən Prezident Fransua Olland günahsız insanlara qarşı törədilən hər cür fəaliyyəti qətiyyətlə pisləyib, terrorizm əleyhinə təşkil olunan yürüşün əhəmiyyətini vurğulayıb. O, cari ilin yanvarında terror aktlarına məruz qalmış Fransanın dövlət başçısı kimi “Ərəb baharı”ndan sonra demokratik inkişaf yolu seçən Tunisdə törədilən terror aktında həlak olanların xatirəsini anma yürüşündə iştirak etməyi özünə borc bildiyini diqqətə çatdırıb.
Fransanın Tunisin yaxın dostu olduğunu bəyan edən Fransua Olland fransızların tunislilərin dərdinə şərik çıxdıqlarını və bu ağır günlərdə ölkəsinin daim onların yanında olacağını bildirib.
Martın 18-də Tunisin paytaxtındakı Bardo muzeyində törədilən terror aktı zamanı 19 nəfər, o cümlədən 4 fransız həlak olmuşdu.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris