[ 28 Mart 2015 18:38 ]
Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Uruqvayın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anibal Kabral Seqalerbanın etimadnaməsini qəbul edib.
APA-nın xəbərinə görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Uruqvay arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu, müştərək layihələrin icrası və digər sahələrdə inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb. Prezident İlham Əliyev müxtəlif səviyyəli görüşlər zamanı əməkdaşlığımızın siyasi, iqtisadi və digər sahələrdə genişləndirilməsi ilə bağlı müzakirə olunan məsələlərin önəmini qeyd edib.
Səfir Uruqvay prezidenti Tabare Vaskesin salamlarını dövlətimizin başçısına çatdırıb. İkitərəfli əlaqələrin inkişafına toxunan səfir parlamentlərarası əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb. Ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyən diplomat Azərbaycan ilə Uruqvay arasında əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, ticarət, mədəni əlaqələr və digər sahələrdə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı uruqvaylı həmkarının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Uruqvay dövlətinin başçısına çatdırmağı xahiş edib.