Rusiyada müxalif siyasətçi Boris Nemtsovun qətlə yetirildiyi yerdə, Kreml divarlarının yanında qurulmuş müvəqqəti xatirə guşəsi SERB hərəkatı fəalları tərəfindən dağıdılıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, çərşənbə gecəsi memorialın təhqir edilməsi halı bir neçə müxalifətçi və Nemtsovun həmkarı və dostu İlya Yaşin tərəfindən bəyan edilib.
Müxalifətçi həmçinin hadisə yerindən bəzi fotoları təqdim edib.
Onlardan birində görünür ki, bir qrup şəxs kamera önündə dayanaraq əllərində "Nemtsov körpüsü" yazılmış lövhənin qırıqlarını saxlayıblar.
"Antimaydanla" əlaqəli
Xatirəyə hörmətsizlik hadisəsinə cavabdehliyi rus azadlıq hərəkatı SERB adlandırılan qurumun üzvləri götürüb.
Onlardan biri özünün "VKontakte" sosial şəbəkəsindəki səhifəsində aksiya ilə bağlı fotoreportaj yerləşdirib.
Fəallar Nemtsovun şəkillərinin çərçivələrini qırıb, "Nemtsov körpüsü" yazılmış lövhəni rəngləyib və qırıblar, eyni zamanda qətlə yetirilmiş siyasətçinin ünvanına təhqirlərin olduğu plakatlar yerləşdiriblər.
Rusiya kütləvi informasiya vasitələrinə görə, SERB qrupu "Antimaydan" hərəkatına daxildir.
SERB fəalı Qoşa Taraseviçin bildirdiyinə görə, təşkilatın üzvlərini Böyük Moskva çayı körpüsünə Boris Nemtsovun adının verilməsi təklifi qəzəbləndirib.
Daha sonra vətəndaş cəmiyyəti fəalı Mark Qalperin özünün Facebook səhifəsində bildirib ki, könüllülər guşəni qaydasına salıb və ora təzə güllər gətiriblər.
Nemtsov 27 fevral gecə saatlarında Moskvanın mərkəzindəki körpüdə qətlə yetirilib. Müxalifətçinin işi ilə bağlı beş nəfər həbs edilib.
Milli.Az