"Prezident Vladimir Putin Rusiya Federasiyasının müxtəlif yerlərində hərbi təlimlər keçirib.

Buna görə də, onun hərbi gücdən növbəti dəfə harada istifadə edəcəyini demək mümkün deyil. Ancaq bir mümkün ssenari var."

ANS PRESS-in məlumatına görə, bu sitati amerikalı siyasi təhlilçi Paul Goble bu yaxınlarda politoloq Anton Çablinin "Kavkazskaya Politika" saytında dərc olunmuş məqaləsindən gətirib.

Məqalədə belə bir versiya irəli sürülüb ki, Moskva Qafqazda NATO üzvlüyünə doğru irəliləyən ölkəylə yeni müharibəyə hazırlaşır. Ancaq həmin məqalə dərhal saytdan çıxarılıb ki, bu da gəlinən qənaətin Kreml üçün necə həssas olduğunu göstərir."

P.Goble jamestown.org saytına yazıb ki, nüfuzlu siyasi təhlilçilərdən olan Anton Çablinin həmin məqaləsi bu ayın əvvəlində saytda çıxıb, ancaq dərhal da yığışdırılıb. İndi yazını ancaq arxivdə tapmaq olar.

A.Çablin məqaləsində belə bir fikir irəli sürür ki, Moskva nəinki Şimali Qafqazda qüvvələrini gücləndirir, Kreml özünə elə bir mövqe hazırlayır ki, Qafqazdakı qonşularından birinə qarşı hərbi əməliyyata başlaya bilsin: "Stavropolda yerli jurnalistlər və əhali son həftələr buraya ağır silahların gətirilməsindən şoka düşüb. Silahların həcmi o qədərdir ki, yollarda piyadaların hərəkəti də pozulur. Bu dəfə hərbi idarənin mətbuat xidməti də susur. Bu, yanvardan bəri davam edən hərbi təlimlərin bir hissəsi də ola bilər."

Ancaq hərbi ekspertlər regionda fövqəladə hərbləşməyə əbəs yerə diqqət çəkmirlər və sual edirlər ki, "yeni müharibəyə hazırlaşırıq?". Gətirilən yeni avadanlıq sınaqdan keçirilir və yerli qüvvələrə birləşdirilir. Fevralın əvvəlində isə Çeçenistan və Şimali Osetiyada böyük təlimlər keçirilib.

Müəllif təlimlərin NATO-ya üzv olmaq istəyən iki ölkənin - Ukrayna və Gürcüstanın sərhədində keçirilməsinə diqqət çəkir. Abxaziya və Cənubi Osetiya ilə yeni inteqrasiya sazişlərini də nəzərə alanda, Vladimir Putinin növbəti hədəfinin Gürcüstan olduğunu təxmin etmək olar.

Paul Goble sonda yazır: "Belədirsə, Putin yəqin indi Gürcüstanın daha dərinliklərinə girməyi, Tiflisdə elə bir hökumət qurmağı planlaşdırır ki, onun iradəsinə tabe olsun və Avropa İttifaqı və NATO yolundan dönsün."

Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya Gürcüstanla 5 günlük müharibə də edib.

Mənbə
ANS PRESS