"Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən Andranik Qriqoryanın hərəkəti haqqında hələlik konkret nəsə demək çox çətindir."

ANS PRESS-in məlumatına görə, bunu Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan bildirib.

O, parlamentdəki müzakirələrdən sonra jurnalistlərin sualları qarşısında acizlik göstərib, təslim olan erməniyə görə məsuliyyət daşımadıqlarını deyib: "İndi biz hadisənin öyrənilməsinə başlamışıq. Faktın başvermə şəraiti araşdırılır, həmçinin hərbi qulluqçunun məişətdə, ailədə, iş yoldaşları arasında davranışı öyrənilir. Mən "baş verən utandırıcı hadisəyə görə Müdafiə Nazirliyi məsuliyyət daşıyır" fikiri ilə razılaşmıram. Əsas məsuliyyət bu addımı atan insanın üzərinə düşür. Müdafiə Nazirliyi niyə məsuliyyət daşımalıdır ki? Biz səbəbləri öyrənirik, hər şey məlum olacaq. Amma siz dərhal günahkar axtarırsınız və bizi ittiham edirsiniz."

Hər şey aydın deyilmi?! Müdafiə Nazirliyi öz əsgərinə sahib çıxmır, dara düşəndə, çətinliklərlə üzləşəndə özlərini yox, əsgəri günahkar bilirlər. Görəsən, müharibə başlasa onların vəziyyəti necə olacaq? Əsgərinə sahib çıxmayan ölkənin necə güclü ordusu ola bilər?! Yiyəsi olmayan insan, - istər adi vətəndaş, istər hərbçi, istər başqa peşə sahibi olsun, - hakimiyyət, vətən üçün nə etməlidir?! Təbii ki, ölkədən qaçıb canını qurtarmalı, təslim olmalı və digər belə addımlar atmalıdır. Bunu da erməni vətəndaşları çox gözəl icra edirlər.

Ermənistan hakimiyyəti Andranik Qriqoryanın təslim olmasınının səbəbini çox gözəl bilir. Çünki ölkədə ən pis vəziyyəti, xaosu, kriminal şəraiti məhz özləri yaradıblar. Onlar yaxşı bilirlər ki,- təslim olan erməni hərbçinin özünün də dediyi kimi, - buna səbəb məhz ölkədə hərc-mərclik, ermənilər arasında yaranmış gərginlik, orduda isə qorxu və təşviş hissi ilə bağlıdır. Bu, bir həqiqətdir.

Həqiqət isə elə bir gözəlçədir ki, onu ermənilərdən ibarət yalançılar korteji müşayiət edir!
Mənbə
ANS PRESS