Lənkəran, 24 mart, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq martın 24-də 22 illik fasilədən sonra Lənkəran rayonunun Şıxəkəran kəndinə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, Şıxəkəran kəndində 791 abonentə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında 12,722 kilometr uzunluğunda müxtəlif diametrli polietilen və 34,662 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 791 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bu münasibətlə kənddə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər sakinləri əlamətdar hadisə və Novruz bayramı münasibətilə təbrik ediblər.
Çıxışlarda qeyd olunub ki, Dövlət Proqramları çərçivəsində rayonun 56 yaşayış məntəqəsinə təbii qaz xətti çəkilib. Bu, rayon üzrə qazlaşdırmanın 80 faizini təşkil edir.
Kənd sakinləri Novruz bayramı günlərində onlara ikiqat sevinc bəxş edən, yaşayış məntəqələrinin abadlaşmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət və qayğı göstərən Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.