Gəncə, 22 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən naxçıvanlı məktəblilər martın 22-də Gəncəyə gəliblər.
AZƏRTAC xəbər verir ki, Gəncə ilə ilk tanışlıq Gəncə-Bakı yolunun 7-ci kilometrliyində inşa edilmiş “Qoşa Qala qapıları” Arxeologiya və Etnoqrafiya Muzey-Abidə Kompleksindən başlayıb. Qalanın direktoru Fəqan Məmmədov məktəblilərə məlumat verib ki, kompleks dövlət başçısının iştirakı ilə 2014-cü ildə istifadəyə verilib. İki hissədən ibarət olan qalanın ümumi uzunluğu 50 metrdir. Qalanın hündürlüyü 22 metr olan bürclərindən Gəncəni aydın şəkildə seyr etmək mümkündür. Hər iki qalanın birinci mərtəbəsində və yeraltı tuneldə dahi Azərbaycan şairi Nizami Gəncəvinin sələflərinin və xələflərinin şəkillərindən ibarət qalereya yaradılıb. Qalereyada “Əxilər” hərəkatının rəhbəri usta Bəndərin, görkəmli qadın mütəfəkkiri Rəziyyə Gəncəvinin, “Dar-əl-Kitab” adlanan zəngin kitabxananın təsisçisi Həddad ibn Bərkan Əbülfəzələn Nəşəvinin və digər şəxsiyyətlərin mozaikadan hazırlanmış şəkilləri yer alıb. Qalanın ikinci mərtəbəsində Gəncənin hərb tarixini, üçüncü mərtəbəsində şəhər əhalisinin məişətini və mədəniyyətini, dördüncü mərtəbəsində isə Gəncənin qədim və zəngin süfrə mədəniyyətini əks etdirən eksponatlar nümayiş etdirilir.
Naxçıvanlı məktəblilər qala kompleksini gəzdikdən sonra Gəncə ilə tanışlığı Nizami Gəncəvinin məqbərəsində davam etdiriblər. Onlar dahi şairin 870 illik yubileyi ərəfəsində inşa edilmiş Nizami Muzeyinə baxıblar.
Şəhər 39 nömrəli orta məktəbdə keçirilən görüş də naxçıvanlı məktəblilər üçün unudulmaz olub. Burada özlərinə çoxlu dost tapan tur-aksiya iştirakçıları həmyaşıdları ilə maraqlı söhbətlər edərək fikir mübadiləsi aparıblar.
Sonra məktəblilər Cavad xan küçəsində gəzib, Şah Abbas məscidi, çökək hamam, eləcə də şəhərin digər tarixi-memarlıq abidələri ilə tanış olublar. Qafqazda analoqu olmayan Heydər Əliyev park-kompleksi də naxçıvanlı məktəblilərdə xoş təəssüratlar oyadıb. Onlar parkı gəzdikdən sonra burada yerləşən Heydər Əliyev Mərkəzinə gəliblər. Məktəblilərə məlumat verilib ki, Mərkəzin dördmərtəbəli binasında Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən çoxlu sayda eksponat və dahi şəxsiyyətə məxsus sənəd var. Məktəblilər ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyətlərlə keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə baxıblar.
Sonra onlar şəhər mərkəzində yerləşən Xan bağına gələrək burada istirahət ediblər.
Qrup rəhbəri, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun təhsil şöbəsinin əməkdaşı İmran Həsənov AZƏRTAC-a müsahibəsində deyib: “Mən də, şagirdlərimiz də Gəncə ilə böyük maraqla tanış olduq. Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tur-aksiya həm biz müəllimlərə, həm də şagirdlərə çox şey öyrətdi. Bir daha əmin olduq ki, Vətəni yaxşı tanımaq üçün onun hər bir guşəsini gəzib yaxından tanış olmaq lazımdır. Sevinirik ki, bu aksiya zamanı bütün bunlara nail olduq. Bizə bu şəraiti yaradan dövlətimizin başçısına qrupumuzun bütün üzvləri adından minnətdarlığımı bildirirəm”.