
İxtiyarı "N" saylı hərbi hissəyə təhkim edirlər və o, döyüşə kəşfiyyatçı kimi başlayır. O, ilk günlərdən özünə ad-sad qazanır və seçdiyi düzgün qərarın nəticəsi olaraq Qazançı kəndində ermənilərin üç PDM-si, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edildi. 1992-ci il mayın 15-də Ağdamın Abdal-Gülablı kəndinin müdafiəsində xüsusi fərqlənir. 1992-ci il 14 iyul tarixdə ermənilər Canyataq kəndinə hücuma keçirlər, burada bir neçə döyüşçü yaralanır. İxtiyar kəndin müdafiəsi zamanı axıra qədər vuruşur, təkbaşına düşmənin qarşısını saxlayır və qəhrəmanlıqla həlak olur. O, yaralı döyüş yoldaşlarının erməni qəsbkarlarının əlinə keçməməsi üçün özünü qabağa ataraq əks hücumun qarşısını almağa çalışır. Yaralıları xilas edirlər, İxtiyar özü isə qəhrəmancasına həlak olur. Salahlı kənd qəbirstanlığında dəfn edilib. Salahlı kənd orta məktəbi onun adını daşıyır.
22 mart həmçinin Azərbaycanın Milli qəhrəmanı Əsəd Əsədovun da doğum günüdür.

Əsəd Soltan oğlu Əsədov 1956-cı il martın 22-də Zəngilan rayonunun Turabad kəndində anadan olub. Hərbi təyyarəçi kimi Qarabağ səmasında rəşadətlə vuruşub, düşmənə ağır zərbələr vurub. 1991-ci il oktyabrın 29-da Dağlıq Qarabağın Xanabad kəndi üzərində komandiri olduğu ekipaj düşmənlə son döyüşə girib və qəhrəmanlıqla həlak olub. Zəngilan rayonunda dəfn edilib. Zəngilan rayonu Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Mənbə
ANS PRESS