Şabran, 21 mart, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi (İB) Şabran rayonunun Pirəbədil kəndinin qazlaşdırılması işlərini başa çatdırıb və Novruz bayramı günlərində kəndə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, 400 nəfərə yaxın sakinin yaşadığı Pirəbədil kəndinə ilk dəfə qaz verilməsi münasibətilə keçirilən mərasimdə rayon rəhbərliyinin, “Azəriqaz” İB-in nümayəndələri çıxış edərək sakinləri əlamətdar gün münasibətilə təbrik ediblər. Bildirilib ki, Dövlət Proqramına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Şabran rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.
Pirəbədil kəndinə qaz çəkilməsinə 5 ay bundan əvvəl başlanılıb. Kəndin qazlaşdırılması üçün ümumilikdə 7 min 110 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Bütün mənzillərə qaz sayğacları quraşdırılıb.
Beləliklə, Şabran rayonunda təbii qazdan istifadə edən abonentləri sayı 9 min 306 nəfərə çatıb. Bu isə rayon əhalisinin 72 faizini təşkil edir. Hazırda rayonunun daha beş kəndinin qazlaşdırılması istiqamətində iş aparılır.
Kənd sakinləri Novruz bayramı günlərində yaşayış məntəqəsinə qazın verilməsini dövlətimizin onlara bayram hədiyyəsi kimi qiymətləndirirlər.