"Report"un analitik qrupu qeyd edir ki, dünən, martın 20-də keçirilən Astana görüşündə Rusiya, Belarus və Qazaxıstan prezidentləri AİB-in yaradılması ilə bağlı fikirlərini payalaşıblar. Bu ittifaqa az sonra Ermənistanın da qatılacağı qeyd olunub. Qırğızıstan da artıq Birliyə qoşulmaq istədiyini bildirib. V.Putinin təşəbbüsü ilə yaradılan bu geopolitik və iqtisadi layihə Avropa Birliyi ilə rəqabət aparmaq, postsovet məkanının müəyyən hissəsində kapitalın, malların və iş qüvvəsinin sərbəst hərəkətini təmin etmək niyyətindədir.
Astana görüşündə İttifaqın, xüsusilə Rusiya və Qazaxıstanın neft başda olmaqla ixrac etdiyi məhsulların qiymətindəki enmə ilə bağli böyük sınaq qarşısında olduğu bildirilib. Həmçinin, yarana biləcək iqtisadi problemlərin praktik həlli yollarının araşdırılması təklif olunub.
"Report"un ekspertləri qeyd edirlər ki, AİB-in Avropa Birliyi kimi bir çox iqtisadi problemi mövcuddur. Belə ki, hazırda AB-nin Yunanıstan problemi varsa, AİB-in Ermənistan, Belarus və Qırğızıstan problemi var. Bu üç ölkə demək olar ki, Qərb və Rusiyanın maliyyə yardımları ilə dolanır. AİB-ə qoşularlarsa hər üç ölkəyə xammal resurslarına sahib olan Rusiya və Qazaxıstan yardım etməli olacaq. Xammal qiymətləri isə hazırda o qədər enib ki, Rusiya və Qazaxıstan öz maliyyə-iqtisadi problemlərini çətinliklə həll edir. Qeyd edək ki, son bir həftədə Rusiyanın qızıl-valyuta ehtiyatları daha 5 mlrd. dollar azalaraq 351,7 mlrd. dollara düşüb. İlin əvvəlindən azalma 47,2 mlrd. dollar və ya 11,8 % olub. Maraqlıdır ki, əvvəllər sürətlə artan Rusiyanın qızıl-valyuta ehtiyatları ötən ilin əvvəlində hətta 500 mlrd. dollara çatıb, maksimal hədd isə 8 avqust 2009-ci ildə (598,1 mlrd. dollar) qeydə alınıb. Rusiyanın xarici borcu isə 2014-cü ilin sonuna 599 mlrd. dollar, daxili borcu isə 120 mlrd. dollar təşkil edib.
Açıqlanan rəqəmlər Avrasiya İqtisadi Birliyinin yaranmasını xeyli çətinləşdirir. Yaransa da, onun ömrünün qısa olacağı göz qabağındadır.