Novruzu çox gözəl keçirən ölkələrdən biri də cənub qonşumuz İrandır.

ANS TV-nin məlumatına görə, qədim tarixə söykənən Novruz bayramını İranda özünəməxsus adət-ənənələrlə qeyd edirlər.

Yazın gəlişi, təbiətin oyanışına təsadüf edən bu bayrama iranlılar xüsusi hazırlaşır. Bir neçə gun öncədə evlərdə təmizlik işləri gorülür, həyət-bacada abadlıq aparılır və agac əkilir. Bayram süfrəsi üçün xüsusi bazarlıq edirlər.

“Biz dədə-babalarımızın ənənəsini yaşadaraq bu bayramı çox əhəmiyyətli hesab edirik. Novruz həm də ilin təzələnməsidir ki, bununla biz özümüzü də təzə ab-havaya kökləyirik. Çalışırıq yeni geyimlər alaq, təmiz ürəklə yazın gəlişini qarşılayaq”, – deyə Tehran sakini Amir Əmoye bildirib.

Novruz bayramında hər bir İranlı həft-sin süfrəsi açır. Həft farsca 7 deməkdir ki, bu da bayram süfrəsində “S” hərfilə başlayan 7 nemətin qoyulmasına işarədir.

Tehran sakini Hosna Kaşifi deyir ki, hər il olduğu kimi, evimizdə həft-sin sufrəsi açırıq: “Süfrəyə 7 nemət - alma, göyərti, səməni, sarımsaq, sumaq, sirkə və sikkə qoyuruq. İranda Novruz süfrəsində Quran da olmalıdır”.

Novruzun gəlişindən öncə həyata keçirilən qədim adətlərdən biri də vəfat edənlərin yad edilməsidir. Xalq ilin son cümə və cümə axşamı günlərində vəfat edənlərin məzarları üstünə gedərək ehsan verirlər.

Bayramla əlaqədar Tehranda küçə və xiyabanlar bəzədilib. Şəhərdə Novruzun müxtəlif atributlarını əks etdirən kompozisiyalar, heykəltəraşlıq nümunələri, qədim milli geyimlər sərgilənir.

Mənbə
ANS TV: Nəvid Daneşvər