Qəbələ, 20 mart, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar Qəbələ şəhərində əvvəlcədən müəyyən olunmuş yerdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bayram günlərində rayon əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədilə keçirilən yarmarkaya mövsümə uyğun olaraq meyvə-tərəvəz məhsulları və bayram çərəzləri çıxarılıb. Qəbələ rayonunun mərkəzi bazarının yaxınlığındakı boş ərazidə təşkil olunan yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Burada rayon sakinlərinə 5 ton mal əti, 4 ton quş əti, 6 ton süd və ondan hazırlanan məhsullar, 1,5 ton tərəvəz, 26 ton soğan və kartof, 22 ton meyvə, 18 ton quru meyvə, həmçinin 32 ton müxtəlif çeşidlərdə şirniyyatlar və ərzaq məhsulları təklif olunub.
Novruz bayramı ilə əlaqədar təşkil edilən yarmarkadakı qiymətləri bazar qiymətlərindən 15-20 faiz ucuz olub. Rayon sakinləri yarmarkada təklif olunan məhsulları həvəslə alaraq bu işi təşkil edənlərə öz minnətdarlıqlarını bildiriblər.