Bakı, 20 mart, AZƏRTAC
Martın 19-da Argentina Respublikasının Milli Konqresində “Mən Azərbaycan haqda nə bilirəm” adlı kitabın ikinci buraxılışının təqdimatı və Novruz bayramı ilə bağlı tədbir keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun, La Plata Dövlət Universitetinin Azərbaycancaşünaslıq kafedrasının və ölkəmizin Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Argentina qanunvericilik orqanının, hökumətinin, elmi-akademik çevrələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
“Mən Azərbaycan haqda nə bilirəm” kitabının ikinci buraxılışı La Plata Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycancaşünaslıq kafedrası tərəfindən dərc edilib. Kitab 2014-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi və Argentinanın La Plata Dövlət Universitetinin Azərbaycancaşünaslıq kafedrasının Argentinada birgə təşkil etdiyi “Mən Azərbaycan haqda nə bilirəm” yazı-inşa müsabiqəsinin qalibləri olan 15 argentinalı gəncin ölkəmizlə bağlı müxtəlif mövzularda yazılarının, habelə qaliblərin ötən ilin iyulunda Azərbaycana səfəri ilə bağlı təəssüratlarının toplusudur. Eyni adlı kitabın birinci buraxılışı Argentinada 2013-cü ildə dərc edilib.
Tədbiri giriş sözü ilə açan Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun sədri Xulia Perie ölkələrimizin yaxın dost və tərəfdaş olduqlarını söyləyib. Ölkəsində Azərbaycan ilə bağlı ikinci dəfə belə bir müsabiqənin təşkilinin, habelə Azərbaycanın tarixi, mədəniyyəti, bugünki inkişafı ilə bağlı mövzulara argentinalı gənclərin maraq göstərməsinin xalqlarımız arasında təmasların inkişaf etdirilməsi nöqteyi-nəzərdən əhəmiyyətli olduğunu bildirib. Novruz bayramı münasibətilə Azərbaycan xalqını da təbrik edən argentinalı deputat xalqımıza ən xoş arzularını çatdırıb.
Səfir Məmməd Əhmədzadə Argentina Milli Konqresinə, o cümlədən Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupuna, habelə La Plata Dövlət Universitetininin Azərbaycanşünaslıq kafedrasına belə bir tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Tədbirin Azərbaycan həqiqətlərinin Argentina ictiamiyyətinə çatdırılmasındakı əhəmiyyətindən danışıb. Son illərdə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini, bu xüsusda ötən həftə Azərbaycan parlament nümayəndə heyətinin Argentinada yüksək səviyyədə qəbul edildiyini bildirib. M.Əhmədzadə Azərbaycan-Argentina əməkdaşlığının perspektivlərindən də bəhs edib.
La Plata Dövlət Universitetində Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi prosfessor Paulo Botta kafedranın fəaliyyəti, ikinci dəfə Argentinada “Mən Azərbaycan haqda nə bilirəm” yazı-inşa müsabiqəsinin təşkili və onun nəticələri haqda məlumat verib. Müsabiqənin Azərbaycan və Argentina gəncləri, habelə elmi-akademik çevrələri arasında əlaqələrin inkişafı üçün əhəmiyyətindən danışıb. Xəzər hövzəsinin lider ölkəsi olan Azərbaycanın Argentina üçün önəmi barədə danışan P.Botta Azərbaycançünaslıq kafedrasının fəaliyyətinin Azərbaycan və Xəzər hövzəsi bölgəsi ilə bağlı Argentinada mütəxəssislərin və tədqiqatçıların hazırlanmasına yönəldiyini deyib.
Daha sonra müsabiqə qalibləri adından çıxış edən gənc argentinalı tədqiqatçılar Vanina Fattori və Lukas Oro müsabiqədə iştirak etmələrindən məmnunluqlarını bildirib, Azərbaycana səfər ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar Azərbaycanın yüksək iqtisadi inkişafı və multikulturalizmə verdiyi önəm barədə də danışıblar.
Sonra Azərbaycanla bağlı və müsabiqə qaliblərinin ölkəmizə səfərinə dair videoçarxlar nümayiş etdirilib.
Tədbirdə Novruz bayramı münasibətilə Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.



