Bakı, 19 mart, AZƏRTAC
Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə kitabxananın direktoru Leyla İmanova bu qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizin kitabxanaçılıq tarixində ən müasir proqram və sistemlərin ilk dəfə məhz burada tətbiq olunduğunu diqqətə çatdırıb.
Görüşdən məmnunluğunu bildirən Əhməd Sami əl-Aydi ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. İxtisasca azərbaycanşünas olduğunu bildirən alim Azərbaycanda təhsil aldığı müddətdə xatirələrindən, eləcə də Misirin qədim sivilizasiyası, tarixi və mədəniyyəti haqqında danışıb. Qonaq ölkəsinin muzey və arxivlərində Azərbaycan barədə kifayət qədər yazılı nümunələrin olduğunu söyləyib. Bunu müsbət qiymətləndirən L.İmanova gələcəkdə “Milli Rəqəmsal Yaddaş” bazası üçün bu məlumatların əhəmiyyətli olduğunu və informasiya mübadiləsi üçün zəruriliyini vurğulayıb.
Sonra mərkəzin direktoru kitabxananın nadir kitablar fondu ilə tanış olub. Burada saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, əlyazmalar, iri həcmli və miniatür kitablar barədə misirli qonağa məlumat verilib.
Fikir mübadiləsi əsasında keçən görüşdə əməkdaşlığın perspektivlərindən danışılıb, gələcəkdə Misir Mədəniyyət Mərkəzi ilə kitabxana arasında əməkdaşlıq müqaviləsinin bağlanması və birgə tədbirlərin təşkili barədə təkliflər səsləndirilib.
Əhməd Sami əl-Aydi Misir mədəniyyətini əks etdirən tablonu və ərəb dilində olan jurnalları elektron variantları ilə birgə kitabxanaya hədiyyə edib.
