Bakı, 19 mart, AZƏRTAC
İnsan hüquqlarının müdafiəsi və həyata keçirilməsi ilə yanaşı, tələbə və magistrantların səmərəli istehsalat, elmi-tədqiqat təcrübəsi keçməsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin diqqət yetirdiyi məsələlərdəndir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, hazırda Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dördüncü kurs tələbələri Ombudsman Aparatında istehsalat təcrübəsi keçirlər.
Təcrübə müddətində tələbələrə həm nəzəri, həm də praktiki dərslər keçirilir. Müvəkkil və aparatın məsul əməkdaşları insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq və milli müdafiəsi mexanizmləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin elmi-analitik, informasiya təminatı və ictimaiyyətlə əlaqələr, beynəlxalq əlaqələr sahəsində fəaliyyəti, qaçqınların, məcburi köçkünlərin və miqrantların, ahılların, əlilliyi olan şəxslərin, uşaqların, hərbi qulluqçuların, məhkumların hüquqlarının müdafiəsi, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sahəsində fəaliyyəti, habelə Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin penitensiar müəssisələrə baş çəkməsi ilə bağlı mövzular üzrə mühazirələr oxuyacaqlar.
Qeyd edək ki, elmi-tədqiqat təcrübəsi keçən tələbələr, həmçinin ərizəçilərin qəbulu və vətəndaşların şikayətlərinə baxılması prosesində iştirak edəcək, təsisatın İnsan hüquqları kitabxanasının fondundakı çoxsaylı hüquqi nəşrlərdən faydalanacaqlar.
Tələbələrlə ilk məşğələni ombudsman, professor Elmira Süleymanova aparıb. O, ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının əsas müddəaları, bu mühüm sənədin implementasiyası, qanunvericiliyin təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi sahəsində görülmüş işlər haqqında ətraflı məlumat verib.
Müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetində insan hüquqları fənninin tədris olunduğu, Təhsil Nazirliyi ilə razılaşdırılmış qaydada uşaq hüquqları üzrə pilləli tədris proqramının ümumtəhsil məktəblərində uğurla həyata keçirildiyi bildirilib.