Lerik, 19 mart, Bağır Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikasından olan 40 məktəbli Lənkəran və Astara rayonundan sonra Lerik rayonuna gəlib.
AZƏRTAC xəbər verir ki, martın 19-da Lerik şəhərindəki Heydər Əliyev Meydanında məktəblilərin qarşılanma mərasimi olub.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tur-aksiyanın iştirakçılarını salamlayaraq ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışıb, rayon haqqında şagirdlərə məlumat verib.
A. Vəliməmmədova diqqətə çatdırıb ki, Talış dağlarında yerləşən Lerik rayonunda 200-dən çox təbiət və tarixi abidə vardır. Ən qədim yaşayış məskəni kimi tarixə düşmüş Büzeyir mağarası, XI-XII əsrə aid Oğlan və Qız qalaları, XIV əsrə aid Xoca Seyid Türbəsi, XV-XVI əsrin yadigarı Babagil abidəsi, XII əsrə aid Sabir Türbəsi, daş qoç heykəlləri, daş qutu nekropolları, qədim yaşayış yerləri, mağaralar Lerikin qədim tarixindən xəbər verir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Lerik rayonunun simasının tanınmaz dərəcədə dəyişdiyini vurğulayan A. Vəliməmmədova bildirib ki, rayona gələn turistlər əsasən “Relax”, “Cənub”, “Meşəbəyi”, “Təbəssüm”, “Yaşıl ada”, “Həyat”, “Xəyal”, “Çənlibel”, “Şəfa”, “9 qardaş” turizm və istirahət mərkəzlərində istirahət edirlər.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər, böyük rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış oldular.
Rayon tarix-diyarşünaslıq və uzunömürlülər muzeylərində nümayiş etdirilən eksponatlarla tanışlıq şagirdlərdə böyük maraq doğurub.
Tur-aksiyanın iştirakçılarına məlumat verilib ki, Lerik dünyada uzunömürlülər diyarı kimi tanınır. Planetin ən qocaman sakini Şirəli Müslümov bu dağlar qoynunda 168 il ömür sürüb. Hazırda rayonda yaşı 80-dən yuxarı 846 nəfər yaşayır.
Sonra naxçıvanlı məktəblilər “Relax” turizm və istirahət mərkəzində yaradılan şəraitlə yaxından tanış oldular. Rayonun bədii özfəaliyyət kollektivləri şagirdlər qarşısında konsert proqramı ilə çıxış etdilər.
Leriklə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları Lənkəran rayonuna qayıdıblar.
Martın 20-də səhər saatlarında naxçıvanlı məktəblilər Lənkərandan Bakı şəhərinə yola düşəcəklər.


