Bakı, 19 mart, AZƏRTAC
Yəmənin Ədən şəhərindəki beynəlxalq hava limanı martın 19-da fəaliyyətini dayandırıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, aeroportun rəsmi nümayəndəsi hava limanının təhlükəsizliyin təmin edilməsinin mümkünsüzlüyü səbəbi ilə müvəqqəti bağlandığını bildirib. Belə ki, hava limanına yaxın rayonlarda hökumət qüvvələri ilə silahlı üsyançı dəstələri arasında ağır döyüşlər gedir.
Yəməndə 2014-cü ilin avqust ayından başlayaraq siyasi böhran hökm sürür. Bu il yanvarın sonlarında “Ənsar Allah” təşkilatının silahlı qruplaşmaları prezident Abd Mansur Hadini və hökuməti istefa verməyə məcbur ediblər. Hətta prezident bir müddət ev dustağı edilib. Fevral ayında isə şiələr konstitusiya bəyannaməsi adı ilə hakimiyyəti faktiki olaraq ələ keçiriblər.
Bununla belə, ev dustaqlığından azad olunduqdan sonra paytaxt Sənadan doğma Ədən şəhərinə gedən Mansur Hadi prezident səlahiyyətlərini yerinə yetirməkdə davam edir və beynəlxalq səviyyədə dövlətin başçısı kimi tanınır.