Qəbələ, 19 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Qədim və heyrətamiz gözəlliyə malik olan Qəbələ şəhəri mənə unudulmaz anlar yaşatdı. Bu rayonda ən müasir turizm obyektlərinin, qədim tarixi-mədəni abidələrin, mənzərəli yerlərin, çayların və göllərin, xüsusən də yerli insanların səmimi qonaqpərvərliyinin şahidi olduğum üçün özümü xoşbəxt hesab edirəm. Özümü hansısa xarici bir ölkənin inkişaf etmiş turizm şəhərində hiss etdim”.
Bu fikirləri “Ölkəmizi tanıyaq” devizi ilə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə keçirilən tur-aksiyanın iştirakçısı, Ordubad rayonu Behrud kənd orta məktəbinin XI sinif şagirdi Amil Hüseynov AZƏRTAC-a müsahibəsində söyləyib.
Ordubad məktəblisi sürətlə inkişaf edən Azərbaycanın qazandığı uğurların onu ürəkdən sevindirdiyini və Qəbələyə səyahət etməyin uşaqlıq arzularından biri olduğunu vurğulayıb. “Biz ölkə başçısı İlham Əliyevin təşəbbüsü və yaxından köməkliyi ilə ekskursiya etdiyimiz rayonlarda bu inkişafın bir daha şahidi olduq. Bu aksiya yetişməkdə olan gənc nəsil üçün çox əhəmiyyətlidir. Bizə gündən-günə çiçəklənən ölkəmizin hər guşəsini tanımağımız üçün lazımi şərait yaradılır. Biz tur-aksiya çərçivəsində həm maariflənirik, həm də yaz tətilini səmərəli keçiririk”.