Bakı, 19 mart, Gülnar Bəşirova, AZƏRTAC
Novruz bayramı günlərində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bunu AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Nəsimi Paşayev bildirib ki, bayram günləri ərzində metroda təhlükəsizlik tədbirləri maksimum dərəcədə artırılacaq. Lakin qatarların hərəkət qrafikində normal iş günlərindən fərqli olaraq azalma nəzərdə tutulub. Ancaq bütün hallarda ehtiyat qatarlar olacaq. Ehtiyac yaranarsa, xəttə əlavə qatarlar buraxılacaq.
Metropoliten təmsilçisi vurğulayıb ki, digər günlərdə olduğu kimi sərnişinlər bayram günlərində də səhər 06:00-dan gecə 00:00-a kimi metrodan istifadə edə biləcəklər.