Bakı, 19 mart, AZƏRTAC
Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, həyata keçirilən yeni tədbirlərdən biri də Yusif Səfərov və Babək prospektindən gələn nəqliyyat vasitələrinin hərəkətinin kəsişməsini aradan qaldırmaq məqsədilə Yusif Səfərov küçəsində dönmə əməliyyatı etmək üçün keçidin yaradılmasıdır.
Bununla da Babək prospektindən Koroğlu Rəhimov və Xətai prospektlərinə nəqliyyatın normal hərəkəti təmin olunacaq. Belə ki, Babək prospektindən tunel vasitəsilə Yusif Səfərov küçəsinə daxil olan nəqliyyat vasitələri dönmə əməliyyatı edərək yenidən Koroğlu Rəhimov küçəsinə və Xətai prospektinə hərəkət edə biləcəklər.