Bakı, 19 mart, Məmməd İsayev, AZƏRTAC
Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən martın 19-da icra olunmağa başlanıb.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 90 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan əlavə, dörd nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, yeddi nəfər isə cərimə cəzasından azad olunublar.
AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar Xidmət rəhbərliyinin, insan hüquqları üzrə müvəkkilin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları
məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər. Əfv edilmiş şəxslərə azad olunmaları barədə müvafiq sənədlər təqdim edilib.
Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.