"Toy günü dünyanın ən bəxtəvər insanı idik. Sonra "bal ayı"na yollandıq və ipoteka krediti ilə ev almaq fikrinə düşdük. Kiçik, xudmani bir evimiz oldu. Kreditlə bağlı ödənişləri də vaxtında verirdik. Sonra fəlakət başlandı..."
 
İngiltərənin Çeşir qraflığındakı Uorrinqton şəhərinin sakinləri Filipp Viktoriya Şerlokların indi evi yoxdur.
İpoteka krediti ilə bağlı ödənişləri vaxtında verə bilmədikləri üçün bank onların evlərini müsadirə edib, özlərini isə küçəyə atıb.
Filipplə Viktoriya aylardır ki, beşqapılı "Ford Focus" avtomobilində yaşayırlar.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, kiçik, yaşıl rəngli bu avtomobil indi onların yaşadığı məkandır.
Ayaqyoluna isə ərlə arvad dükanlara, pablara gedirlər.
 
Toylarının ildönümünü Filipp və Viktoriya aralarında bölüşdükləri Twix şokoladı ilə "qeyd" etməli olublar.
Ailənin evsiz qalmasının səbəbi işsizlikdir.
 
Bağban işləyən Filipp ötən ilin oktyabrda işini itirmişdi. İki həftə sonra isə kafelərdən birində ofisiant işləyən Viktoriya işsiz qalıb.
İlk iki ayda qohumlardan və tanışlardan borc alaraq yaşayan ailəyə sonradan borc verən də olmayıb.
Kreditləri vaxtlı-vaxtında ödəmək gərəkdi, pul isə yoxdu.
 
İpoteka ödənişləri dalbadal 3 ay verilməyəndə bank onların Şimali Uelsin Reks şəhərindəki evini və əşyalarını müsadirə edib, Filipp və Viktoriyanı isə polislər küçəyə qovublar.
 
32 yaşlı Viktoriya deyir: "Sonradan işə düzəldim, marketdə satıcının köməkçisi oldum. Sutkada 12 saat işləsəm də, aldığım maaş krediti ödəməyə çatmırdı. Ayda 2 min funt kredit ödənişi etməliydik, mənim maaşım isə saatda 6,5 funt idi. Bank bizi küçəyə atdı".

41 yaşlı Filipp kövrəlib.
 
"Kişiyəm, ailəmin qayğısına qalmalıyam. İş axtarıram, işləmək istəyirəm. Sutkada 20 saat işləməyə hazıram. Təki iş olsun. Amma yoxdur. Nə evim var, nə işim, nə pulum", - Filipp deyib.
 
Milli.Az