Qusar, 19 mart, Elxan Yusifli, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində mənimlə birlikdə Azərbaycanın şimal bölgəsinə ekskursiya edən məktəblilərin hamısı ilk dəfədir bura gəliblər. Ekskursiyanın ilk günündə Qusar rayonunun görməli yerləri ilə tanış olduq. Haqqında çox eşitdiyim Şahdağ qış-yay turizm kompleksi məndə xoş təəsürat yaratdı. Burada turistlər üçün hər cür şərait yaradılıb. Ümumiyyətlə Qusar çox müasir şəhərdir. Bu gözəllikləri kollektiv şəkildə seyr etmək imkanı yaratdığı üçün dövlətimizin başçısı İlham Əliyevə minnətdaram.
Bu fikirləri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qorçulu kənd tam orta məktəbinin XI sinif şagirdi Şəlalə Qurbanova ekskursiyadan məmnunluğunu bildirərkən deyib. Məktəbli AZƏRTAC-a müsahibəsində qeyd edib ki, tur-aksiya çərçivəsində Qusardan sonra Quba, Xaçmaz və Şabran rayonlarını gəzəcəklər. O, əlavə edib ki, doğma rayonuna qayıtdıqdan sonra burada tanış olacağı bütün tarixi abidələr, muzeylər, görməli yerlər barədə sinif yoldaşlarına danışacaq və çəkdikləri fotoşəkilləri onlara göstərəcək.