Bakı, 18 mart, AZƏRTAC 
Martın 18-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avstriya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Aksel Vex ilə görüşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, onun diplomatik fəaliyyəti müddətində Azərbaycan-Avstriya münasibətlərinin daha da genişlənəcəyinə böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Avstriyalı diplomata Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı dövrdə ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi hadisələr, xalqın təkidli tələbilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışı, Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar, cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin bərpası, kriminogen durumun nəzarətə götürülməsi, həmçinin DİN-in əsas hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyindən söz açan nazir ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən avstriyalı mütəxəssislərin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Azərbaycan-Avstriya münasibətləri barədə danışan Ramil Usubov iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini xatırladıb. Avropa ölkələrinin polis təşkilatları arasında Avstriya DİN-nin ölkəmizin müvafiq qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu diqqətə çatdıran Ramil Usubov polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, son üç ildə Avstriyada keçirilən elmi-praktik konfranslarda, seminarlarda və treninqlərdə 700-ə yaxın əməkdaşın iştirakını xüsusi qeyd edib.
Daxili işlər naziri Vyana şəhər polisindən olan nümayəndələrin Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi, hazırda isə birinci Avropa Oyunları ərəfəsində Azərbaycana səfər etmələrindən, genişmiqyaslı tədbirlər zamanı ictimai təhlükəsizliyin təmini sahəsində öz təcrübələrini bölüşmələrindən məmnunluğunu bildirib.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla səmərəli mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi vurğulanıb.
Səfir Aksel Vex ətraflı məlumata, bu yaxınlarda respublikamızda səfərdə olmuş Avstriya DİN-in nümayəndə heyətinə göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, hüquq mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin gündən-günə inkişaf etdiyini vurğulayan diplomat fəaliyyəti dövründə müvafiq dövlət qurumları, o cümlədən Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.